Mərkəzi Asiya ölkələri Rusiyaya qarşı sanksiyalar vəd edir  

11:00 24.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı (Aİ) və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündə anti-Rusiya sanksiyalarının pozulması məsələsi müzakirə olunub.

Hafta.az-ın yazdığına görə, görüşdən sonra verilən birgə bəyanatda bildirilib ki, Mərkəzi Asiya ölkələri “bu məsələdə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər”.

Brüssel də bu məsələdə Qazaxıstanla əməkdaşlığa böyük önəm verdiyini bəyan edib.

Bəyanatında qeyd edildiyi kimi, Avropa İttifaqı görüş iştirakçılarına Rusiyaya qarşı 11 sanksiya paketi haqqında məlumat verib, eyni zamanda “Avropa İttifaqının sanksiyalar rejimləri kontekstində nəticəyə yönəlmiş dialoq və əməkdaşlığın vacibliyini” vurğulayıb.

İclasda İttifaq ölkələri ilə yanaşı Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirləri iştirak ediblər.

Bundan əlavə, Lüksemburqda Aİ-Qazaxıstan Əməkdaşlıq Şurasının iclası keçirilib.

“Mövcud geosiyasi kontekstdə Avropa İttifaqı Qazaxıstanın sanksiyalardan yayınma ilə mübarizə sahəsində əməkdaşlığını yüksək qiymətləndirdivə ümumi yüksək prioritet malların təkrar ixracının dayandırılması üçün səylərin davam etdirilməsinin vacibliyini vurğuladı”, - Aİ Şurasının bəyanatında deyilir.

Ötən həftə Qazaxıstan 106 növ ikili təyinatlı məhsulun Qazaxıstandan Rusiyaya ixracının mümkün olmadığını açıqlayıb. Səlahiyyətlilər tədarük qadağası qoymadıqlarını, lakin onların ticarətinin “beynəlxalq öhdəliklərə və Qazaxıstan qanunvericiliyinə uyğun olaraq” həyata keçirilməli olduğunu qeyd edib.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sentyabrın sonunda Almaniyaya səfəri zamanı Astananın Rusiyaya qarşı sanksiya rejimini tətbiq edəcəyini bəyan edib. Tokayev həmçinin bildirib ki, Qazaxıstan Moskva ilə əməkdaşlıq kursuna sadiqdir və Aİ ilə əlaqələr Rusiyanın əleyhinə deyil. Rusiya Xarici İşlər Nazirliyinin bəyan etdiyi kimi, Moskva Qazaxıstanın üçüncü ölkələrlə münasibətlərinə qarışmır, lakin onlardan münasibətlərə təsir etməyəcəklərini gözləyir.

Siyasət rubrikasından digər xəbərlər